Məzmuna keç

Jus gentium

Vikipediya, azad ensiklopediya

Jus gentium (xalqlar hüququ) — Qədim Romada yaranmış və fəth edilmiş, müttəfiq xalqlardan götürülmüş hüquq normalarını ifadə edən termin.[1] Bu anlayış sırf Roma vətəndaşlarına aid olan “kvirit hüququ”na qarşı qoyulurdu. Bu hüquq normaları Roma qanunvericiliyinin bir hissəsi idi və Roma vətəndaşları ilə əcnəbilər (peregrinlər) arasında yaranan mübahisələrin həlli zamanı formalaşmışdı. Belə hallarda pretorlar romalıların ətrafında yaşayan xalqlar arasında ümumi qəbul edilmiş hüquq normalarını rəhbər tuturdular və bu cür presedentlər toplandıqca həmin normalar Roma hüquq sisteminin bir hissəsinə çevrilirdi.

Daha geniş mənada xalqlar hüququ o dövrdə mövcud olan beynəlxalq hüququn ilkin formalarını da əhatə edir və bütün xalqlar üçün ümumi olan hüquq normaları kimi başa düşülürdü. Ulpianın tərifinə görə: “Xalqlar hüququ — bəşəriyyət xalqlarının istifadə etdiyi hüquqdur”. Hermogenianın sözlərinə görə: “Məhz xalqlar hüququ vasitəsilə müharibələr, xalqların ayrılması, krallıqların yaradılması, əmlakın bölünməsi, torpaq sərhədlərinin müəyyən edilməsi, binaların tikilməsi, ticarət, alqı-satqı, muzdlu iş, öhdəliklər və mülki hüququn yaratmadığı digər münasibətlər meydana çıxmışdır”. Qayın fikrincə isə: “Təbii ağılın bütün insanlar arasında müəyyən etdiyi hüquq bütün xalqlarda eyni şəkildə qorunur və bütün xalqların istifadə etdiyi hüquq kimi xalqlar hüququ adlanır”.

Daha geniş tərifə görə, xalqlar hüququ “təbii ağılın bütün insanlar arasında müəyyən etdiyi, bütün xalqlarda və bütün dövrlərdə qorunan hüquqdur və bütün xalqların istifadə etdiyi ümumi hüquq hesab edilir. Xalqlar hüququ bütün bəşər nəslinə aid ümumi hüquqdur. İnsan ehtiyaclarının təsiri ilə bəzi xalqlar müəyyən qaydalar yaratmışdır: müharibələr, əsir götürmə və köləlik. Eyni xalqlar hüququ əsasında alqı-satqı, kirayə, ortaqlıq və digər müqavilələr də meydana gəlmişdir”.

Roma hüquqşünasları xalqlar hüququnu yalnız mülki hüquqa deyil, həm də təbii hüquqa qarşı qoyurdular. Təbii hüquq yalnız bütün xalqlara deyil, bütün canlı varlıqlara aid ümumi hüquq hesab olunurdu. Məsələn, təbii hüquqa görə bütün insanlar bərabər doğulur; xalqlar hüququ isə əsirlik, alqı-satqı və digər yollarla köləliyi yaratmış, kölələr üzərində mülkiyyətlə bağlı ümumi qaydaları müəyyən etmişdir. Mülki hüquq isə Roma vətəndaşlarının kölələr üzərində mülkiyyət hüququnu tənzimləyirdi.

Jus gentium Roma Respublikasının mövcudluğunun ikinci yarısında, Roma dünya ticarətinin mərkəzinə çevrildiyi dövrdə meydana gəlmişdir. Ticarətin inkişafı ilə Romaya müxtəlif ölkələrdən tacirlər gəlməyə başladı və onlar peregrinlər, yəni əcnəbilər adlandırılırdı. Jus civile əcnəbilər üçün heç bir hüquqi müdafiə nəzərdə tutmadığından, həm əcnəbilərin öz aralarındakı münasibətləri, həm də tərəflərdən biri Roma vətəndaşı, digəri isə əcnəbi olduqda hüquqi münasibətlərin tənzimlənməsinə ehtiyac yarandı. Bu cür mübahisələrə peregrin pretor baxırdı.

Jus gentiumun mənbələri əcnəbilərlə bağlı işlər üzrə pretor və magistratların ediktləri idi.

Jus civile ilə müqayisədə xalqlar hüququ daha inkişaf etmiş sayılırdı və yaxşı işlənmiş hüquqi konstruksiyalara malik idi.

Jus gentium çərçivəsində yeni müdafiə vasitələri meydana çıxdı: pretor iddiaları, restitusiyа, interdikt və mülkiyyətə daxil etmə (iddiasız müdafiə üsulu).

Bu hüquqda müqavilənin etibarlılığı məsələsinin həllində vicdanlılıq (bonae fidei) və ədalət (aequitas) meyarları ortaya çıxdı. Jus civiledə müqavilənin formasına üstünlük verildiyi halda, jus gentiumda əsas diqqət müqavilənin məzmununa yönəldi. Buna görə də forma pozuntusu olsa belə, müqavilə etibarlı sayıla bilərdi.

Jus gentium ilə Roma mülki hüququ arasındakı fərq Karakalla qanununun qəbulundan sonra əhəmiyyətini itirdi. Bu qanunla Roma vətəndaşlığı imperiyanın bütün əhalisinə şamil edildi (212-ci il). Həmin dövrdə isə mülki hüquq artıq qədim formalizmdən imtina etmiş və ümumilikdə xalqlar hüququnun prinsiplərinə zidd olmayan bir sistemə çevrilmişdi.

Avropada Roma hüququnun resepsiyası dövründə isə “jus gentium” anlayışı dövlətlərin elm və praktikasında “beynəlxalq hüquq” anlayışının yaranmasına səbəb oldu.

  1. David J. Bederman, International Law in Antiquity (Cambridge University Press, 2004), p. 85.