Məzmuna keç

Qlobus

Vikipediya, azad ensiklopediya
Qlobus

Qlobus (lat. globus, “kürə”) – Yer kürəsinin üçölçülü modelidir.[1] Qlobusda Yerin qütblərdən basıqlığı nəzərə alınmır. Digər planetlərin, həmçinin, Yerin təbii peyki olan Ayın da qlobusu mövcuddur.

Qlobuslar bir neçə xüsusiyyətinə görə təsnif olunur. Əsasən miqyasına, məzmununa və dekorativliyinə görə sinifləndirilə bilər.

Miqyasına görə

[redaktə | vikimətni redaktə et]

Qlobuslar 1:30000000 (böyükmiqyaslı), 1:50000000 (ortamiqyaslı), 1:83000000 (kiçikmiqyaslı) miqyaslarda olur.

Məzmununa görə

[redaktə | vikimətni redaktə et]

Onlar əsasən fiziki və siyasi məzmunda hazırlanır. Üfüqi müstəviyə qlobusun oxunun meylliyi 66.5 dərəcə olur. Bu bucaq Yerin fırlanma oxunun orbit müstəvisinə olan meylliyinə bərabərdir.[2]

“Qlobus” - latın sözüdür. “Globus” – “kürə” mənasını daşıyır. Yer kürəsinin modelləri sonralar “qlobus” adlandırılmışdır.

Qədim Yunanıstanda bəzi alimlər yerin sfera formasında ola biləcəyini düşünürdülər. Qədim qlobusların üzərlərində üfüqün cəhətləri, müxtəlif mifik personajlar və hərəkətdə olan gəmi təsvirlərinə də tez-tez yer verirdilər.

Yerin bu modeli və ya bu cür hər hansı bir model bizim dövrümüzə gəlib çatmasa da, onu görənlər belə nəql etmişlər ki, Kratos hazırladığı kürənin üzərində böyük bir quru hissə çəkmiş, onu kəsişən çaylar vasitəsilə hissələrə bölmüşdür, çayları Kratos okean adlandırırmış. Bu qlobus bizim zəmanəmizə gəlib çatmadığından onun haqqında dəqiq bir söz demək mümkün deyil.

Dövrümüzədək gəlib çatmış ən qədim qlobus alman coğrafiyaşünası, səyyah və riyaziyyatçısı olan Martin Behaymın 1492-ci ildə hazırladığı, diametri 54 sm olan kürəşəkilli “Yer modeli”dir[3]. Bu qlobus və hal-hazırda Nürnberq şəhər muzeyində saxlanılır.

M. Behaym hazırladığı kürəni – “Yer alma üzərində” adlandırmışdır. Coğrafiyaşünasların düşüncəsində Yer kürəsinin dəqiq modeli Amerika qitəsinin kəşfi ərəfələrində formalaşmışdır. Bu isə eramızın II əsrində yaşamış qədim yunan alimi Ptolomeyin hazırladığı xəritədən götürülmüşdür.

Yer kürəsi haqqında dəqiq təsəvvür yaradan qlobuslar orta əsrlərdə çox dəbdə olmuşdur. Hər bir monarxın xüsusi ayrılmış otağında, kabinetlərdə, alimlərin iş otaqlarında, dənizçilərdə və zadəgan evlərində qlobusa rast gəlmək mümkün idi. Bu bir növ ziyalılıq simvolu hesab edilirdi.

O dövrlər holland qlobusları daha çox dəbdə idi. Bu qlobusları Amsterdam ustaları hazırlayırdı. İlk qlobuslardan ən məşhuru alman alimi Adam Olşlehelin 1664-cü ildə hazırladığı “Qottorp qlobusu” hesab edilir. Qlobusun diametri 311 sm olmuşdur və 1727-cü ildə imperator I Pyotra hədiyyə edilmişdir. Bu nəhəng qlobusun içərisində planetarium düzəldilmişdir.

Müasir qlobuslar

[redaktə | vikimətni redaktə et]

Müasir qlobuslar əvvəlkilərdən daha sərt materiallardan (plastik, metal və s.) hazırlanır və işıqlandırıla bilir. Müasir qlobuslar 23,5° meyllilikdə hazırlanır və bu əyrilik Yerin Günəş ətrafındakı meylliliyini göstərir (simulyasiya edir)[4].

İndiki, müasir qlobuslar sözsüz ki, coğrafi baxımdan ilk qlobuslardan çox fərqlənir. Çünki əvvəlki qlobuslarda o dövrlərdə kəşf olunmamış ərazilər, adalar göstərilmirdi. İndiki qlobuslarda isə hər bir ərazi dəqiqliyi ilə göstərilir. Müasir dövrümüzdə qlobuslar daha çox təhsil ocaqlarında əyani bir vəsait kimi istifadə olunmur.

  1. "YER SƏTHİ QURULUŞUNUN ƏSAS XÜSUSİYYƏTLƏRİ". 10 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2010.
  2. "Arxivlənmiş surət". 26 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2016.
  3. Globe. İstifadə tarixi: 28 mart 2026.
  4. Globe (cartography). İstifadə tarixi: 28 mart 2026.