Atropat
| Atropat | |
|---|---|
| Atropatın dairəvi heykəli 2004-2006-cı illərdə Azərbaycan Hərb Tarixi muzeyi üçün rəssam-heykəltaraş Natiq Camal Afşar tərəfindən akril boya ilə boyanmış gips materialından hazırlanıb. | |
Atropatenanın ilk hökmdarı | |
| E.ə. 323[1] – E.ə. 300 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Artabazan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | e.ə. 370 |
| Vəfat tarixi | güm. e.ə. 321 (48–49 yaşında) |
| Fəaliyyəti | qubernator |
| Ailəsi | Atropatidlər |
| Dini | Zərdüştlük |
| Hərbi xidmət | |
| Döyüşlər | |
Atropat (yun. Aτρoπάτης; e.ə. 370 – güm. e.ə. 321) — Atropatena dövlətinin ilk hökmdarı. Ehtimal var ki, Atropat Əhəmənilər sülaləsi ilə çox uzaq qohumluğu olub.[3] Keçmiş Əhəməni satrapı,[4] əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı.[5] Bəzi tədqiqatçılara əsasən isə Atropat iran xalqlarından birinə məxsus olmuşdur.[6][7]
Satraplığı
[redaktə | vikimətni redaktə et]Tarixi mənbələrdə Atropatın adına ilk dəfə eramızdan əvvəl 331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qavqamela adlanan yerdə Makedoniyalı İskəndərlə Əhəmənilər hökmdarı Dara arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar rast gəlinir. Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi. Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Dara Ekbatana qaçır və Atropat tərəfindən sığınacaq verilir. E.ə. 330-cu ildə yenidən qaçmağa məcbur olan Dara bir neçə ay sonra öldürülür və Atropat İsgəndərə tabe olur.[8]
Makedoniyalı İsgəndərin dövründə hakimiyyəti
[redaktə | vikimətni redaktə et]Atropat yeganə satrap idi ki , İsgəndər onu hakimiyyətdən uzaqlaşdırmadı . Atropat İskəndərlə açıq düşmənçilik xəttinin faydasızlığını anlayaraq, diplomatik danışıqlar yolunu seçir. Bu yolla da o, Midiya torpaqlarından bir qismini işğal olunmaqdan qoruyur. Həmin ərazi sonradan Kiçik Midiya, Atropat Midiyası və nəhayət, Atropatena adlanır. E.ə. 327-cü ilin sonlarında Bariaks adlı bir nəfər özünü İran və Midiya hökmdarı elan edərək, işğalçılarla mübarizəyə qalxır. Atropat öz qüvvələri ilə qiyamı yatırır, Bariaksı əsir alaraq, onu və yoldaşlarını İsgəndərə təhvil verir. Beləliklə Atropat İsgəndərin güvənini qazanır. Suzdakı təntənələr zamanı Atropat öz qızını Makedoniya süvarilərinin rəhbəri, İskəndərin ən yaxın silahdaşlarından olan Perdikkaya ərə verir və bu onun Midiya satrapı kimi mövqeyini daha da möhkəmləndirir.[8] Atropat İskəndərlə birlikdə Susaya getmiş və Makedoniya və Yunan hərbi elitası üçün yunanlar Midiya və Arran gözəl qadın oxatanları adlandırdıqları kimi 100 Amazonka təklif etmişlər. Strabonun eramızdan əvvəl 65-ci ildə Pompeyin Qafqaza yürüşündə iştirak etmiş Mitilinli Teofana istinad edərək qeyd etdiyi kimi Amazonlar Albaniyanın yuxarısındakı Qafqaz dağlarında yaşayırdılar: “Albaniyadan yuxarı dağlarda amazonların yaşadığı deyilir” (yunanca: ἐν δ῁ϲϲἐν δὁπρ τῆς Ἀλβανίας ὄρεσι καὶ τὰς Ἀμαζόνας οἰκεῖν φασι)”. [9] Qeyd etmək lazımdır ki, Əhəmənilərin sevimli ilahəsi Ənahita od məbədi Makedoniyalı İskəndər tərəfindən talan edilmiş və orada orijinal Avestanın qızıl hərflərlə yazılmış və Parsdakı İstəxr şəhərindəki Arxiv Qalasında saxlanılan 12.000 öküz dərisini orada yandırmışdı. Lakin Atropat Şizdəki Adur Quşnaspın od məbədini ələ keçirə bildi və orada Müqəddəs Avestanın digər nüsxəsi qorunub saxlanılmış və buzov dərisinə köçürülmüşdür [10]. İsgəndər tez-tez öz imperiyasını gəzirdi. Belə səfərlərindən birində o, elə həmin il — e.ə. 324-cü ildə — qədim zamanlardan at yetişdirməklə məşhur olan və Atropatena sərhədlərində yerləşən Nisey düzlərinə dostu Hefestionla birlikdə yola düşür. Atropat da buraya gələrək, bir müddət vaxtını İsgəndərlə keçirir. Lakin Hefestionun qəfil ölümü İsgəndəri sarsıdır. Atropat İsgəndəri əyləndirməkdən ötrü məclisə kişi paltarı geymiş və təbərdin əvəzinə nizələrlə və yüngül qalxanlarla silahlanmış qadınlardan ibarət süvari dəstəsi gətirir. Qədim tarixçilərin dediklərinə görə, bunlar Qafqaz Albaniyasının yuxarı dağlarında yaşayan əfsanəvi amazonkalar idi. Lakin, Bizans tarixçisi Nikomediyalı Arrian bu hekayəni inkar edir.[11]
Makedoniyalı İsgəndərin ölümündən sonra
[redaktə | vikimətni redaktə et]E.ə. 323-cü il iyunun 13-də İsgəndər öz dövlətinin ehtimal olunan paytaxtı Babildə vəfat edir. Onun cəsədi soyumamış satraplar ölkəni bölüşdürməkdən ötrü Babilistanda toplaşırlar. Babil bölüşdürülməsində Kiçik Midiya Atropata, Böyük Midiya isə Pifona verilir. Bizans tarixçisi Yustinin fikrincə isə Böyük Midiya da Atropata verilmişdi.[12] Dövlətin rəhbərliyi regent qismində Atropatın kürəkəni Perdikkaya keçir. Perdikka dövləti parçalanmadan nə qədər qorusa belə onun bu cəhdləri satrapların müqaviməti ilə üzləşir və nəticədə e.ə. 321-ci ildə regent Pifon tərəfindən öldürülür. Ölkənin ikinci bölüşdürülməsi başlanır. Akademik İqrar Əliyevin sözlərinə görə, bu vaxtdan etibarən Kiçik Midiyanı müstəqil dövlət hesab etmək mümkündür.[13] Kiçik Midiya bir qədər sonra Atropatena müstəqil dövlətə çevrilir və Atropat özünə şah titulu götürür. Midiya dövlətinin süqutundan bir əsr sonra Azərbaycan ərazisində yenidən müstəqil bir dövlət yaranır. Atropatın zamanından başlayaraq, məhz bu ərazilərdə dövləti və etnik varisliyi qoruyub saxlayan yeni-yeni dövlət qurumları mövcud olur. Kiçik Midiya Atropatın siyasəti nəticəsində Şərqdə Makedoniya işğalçılarından can qurtaran ilk müstəqil dövlət olur.
Qədim yunan coğrafiyaşünası Strabon özünün məşhur "Coğrafiya"sında yazır:
"Midiya iki yerə bölünür. Bir hissəni Böyük Midiya adlandırırlar. İkinci hissə Atropat Midiyasıdır. Bu yer öz adını sərkərdə Atropatın adından götürmüşdür. Atropat istəmirdi ki, bu torpaqlar da Böyük Midiya kimi makedoniyalıların asılılığında qalsın. Doğrudan da çar Atropat ölkəsinin müstəqilliyinə özü qərar vermiş, bu qərarını bəyan etmişdi və indi də irsi hakimiyyət onun ailəsinə məxsusdur. Bu dövlətin hökmdarları Ermənistan, Suriya və Parfiya çarları ilə nikah əlaqələri qurmuşlar. Bu, hərbi qüvvə baxımından kifayət qədər əhəmiyyətli bir ölkədir, belə ki, o meydana 10000 süvari və 40000 piyada çıxara bilər."[14]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: "Elm və təhsil", 2010, səh.28
- ↑ Հայկական սովետական հանրագիտարան (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 2000.
- ↑ Dyakonov. Istoriya Midii ot drevneĭshikh vremen do kontsa 4 v. do n.e. (rus). Moskva: Moskva-Nauka, Moskva. 1956. səh. 453.
- ↑ Susan M. Sherwin-White, Amélie Kuhrt, "From Samarkhand to Sardis: a new approach to the Seleucid Empire", University of California Press, 1993. pg 78: – " The independence of the area Media Atropatene, named after Atropates, satrap of Media under Darius and Alexander (now Azerbaijan), under local Iranian dynasts, was pre-Selecuid"
- ↑ Azərbaycan tarixi. 1. Bakı: Elm. 2007. səh. 217. 12 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2023.
- ↑ Bosworth, A. B., and Baynham, E. J. Alexander the Great in Fact and Fiction. Oxford, 2002, səh 92
- ↑ "Jona Lendering - Atropat - Livius". 29 oktyabr 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2015.
- 1 2 Chaumont, M. L. (1989), "Atropates Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine", Encyclopaedia Iranica 3.1, London: Routledge & Kegan Paul
- ↑ Giusto T., “Strabo and the Caucasian Albanians: some Preliminary Remarks”, Constructions identitaires en Asie Mineure (VIIIe siècle avant J.-C.–IIIe siècle après J.-C.), Année 2021, 199-211, available at: https://www.persee.fr/doc/ista_0000-0000_2021_act_1522_1_3893 Guisto. “Strabo and the Caucasian Albanians: some Preliminary Remarks” (eng). Anne.
- ↑ Khalifa-zadeh M., “"Atropates - Achaemenid King Darius III’s Mysterious General in the Battle of Gaugamela", Intersections, 2025, Vol 8, Issue 3, pp 20-22. "Atropates - Achaemenid King Darius III's Mysterious General in the Battle of Gaugamela" (PDF).
- ↑ Smith, William, ed. (1867), "Atropates Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine", Dictionary of Greek and Roman Biography and Mythology, Boston
- ↑ "Yustin, Filippik tarix, XIII Kitab". 14 may 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2015.
- ↑ İqrar Əliyev. Atropatena tarixinin oçerki (rus). Bakı: Azərnəşr. 1989. ISBN 5-552-00480-9. 12 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2023.
- ↑ Strabon, Coğrafiya, XI, 13